Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025”də nələr danışıldı
Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı, Türkiyə Prezident Administrasiyasının İnvestisya və Maliyyə Ofisi, Türkiyənin Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi tərəfdaşlığı ilə “Avrasiya Gənc İş Adamları Forumu-EYBF 2025” keçirilib.
Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyənin gənclər və idman nazirinin müavini Dr. Enis Eminoğlu, Gənc MÜSİAD İdarə Heyəti sədrinin müavini Ali Osman Özen, KOBİA-nın rəhbəri Orxan Məmmədov, Milli Məclisin deputatları Azər Əmraslanov, Ceyhun Məmmədov, Vüqar İskəndərov, Naqif Həmzəyev və iş adamları iştirak ediblər.
Tədbir başlamazdan öncə 44 günlük Vətən Müharibəsində şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Bundan sonra tədbirin rəsmi hissəsi başlanıb. İlk söz gənclər və idman naziri Fərid Qayıbova verilib.
Nazir çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda danışıb. O bu siyasətin təməlinin Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və həmin siyasətin bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
F.Qayıbov 2 fevral Gənclər Günü ərəfəsində keçirilən Gənclər Həftəsinə də toxunaraq, Prezident İlham Əliyevin həmin gənclərlə görüşdüyünü və müxtəlif sahələrdə fərqlənən gənclərin mükafatlandırıldığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, mükafat kateqoriyalarından biri də innovasiya sahəsini əhatə edir.