MÜSİAD Azərbaycan tərəfindən İsmayıllıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar proqramı təşkil olunub. Proqramda Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgün, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan,İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak edib.
Proqramdan əvvəl iştirakçılar şəhidlikləri və Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün iftar çıxışında iki ölkə arasında möhkəm qardaşlıq münasibətlərini vurğulayıb. O bildirib ki, Türkiyə və Azərbaycan çətin vaxtlarda bir-birinə dəstək olur və Kahramanmaraş zəlzələsi bu birliyi daha aydın göstərib. Səfir iki xalqın ortaq dil, din və dəyərlərə sahib olduğunu qeyd edib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov çıxışında iftarın təşkilinə görə təşəkkür edib, şəhidlərin xatirəsinin daim yad edilməsinin vacibliyini və qazilərin qəhrəmanlığının unudulmayacağını vurğulayıb. O, MÜSİAD Azərbaycanın rolunu yüksək qiymətləndirərək Türkiyə və Azərbaycanın ortaq tarix və dəyərlərə malik qardaş dövlətlər olduğunu qeyd edib.
Çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan iftar proqramında Ramazan münasibətilə xoş arzularını çatdırıb, ibadətlərin qəbul olunmasını diləyib. O, MÜSİAD Azərbaycanın fəaliyyətini və sosial təşəbbüslərini qeyd edərək Türkiyə-Azərbaycan qardaşlığının ortaq tarix və mədəniyyətə əsaslandığını vurğulayıb. Həmçinin şəhid ailələri və qazilərə daim diqqət və qayğının vacibliyini bildirib.
İftar Proqramı çərçivəsində Qurani-Kərimdən ayələr oxunub, Ramazanın mənəvi dəyərlərindən bəhs edilib. Proqramdan sonra Axısqa türkləri ilə görüş keçirilib. MÜSİAD Azərbaycan hər il Ramazanda regionlarda iftar proqramları təşkil edir



