MÜSİAD Prezidenti Cənab Burhan Özdemir MÜSİAD Azərbaycanın Yeni İdarə Heyəti ilə Bir Araya Gəldi

MÜSİAD Prezidenti cənab Burhan Özdemir və onu müşayiət edən nümayəndə heyəti, MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan, dərnəyimizin sabiq sədri Rəşad Cabirli, MÜSİAD Azərbaycan Müşahidə Şurasının sədri Abdurrahman Uzun və yeni İdarə Heyəti üzvləri ilə MÜSİAD Azərbaycan Dərnək Mərkəzində bir araya gəliblər.

Görüş zamanı cənab Burhan Özdemir yeni İdarə Heyətini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. O, MÜSİAD Azərbaycanın fəaliyyəti və təşəbbüslərinin digər beynəlxalq şöbələr arasında xüsusilə fərqləndiyini qeyd edib və gələcəkdə də təşkilatın MÜSİAD dəyərləri əsasında istehsal, investisiya və ticarətə yönəlik fəaliyyətlərini inamla davam etdirəcəyinə inandığını vurğulayıb.

Görüş çərçivəsində, MÜSİAD Azərbaycanın yeni dövrdəki fəaliyyət prioritetləri, regional və qlobal miqyasda iş dünyasına töhfələri, eləcə də Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin dərinləşdirilməsi istiqamətində planlaşdırılan addımlar müzakirə olunub.

Səmimi ziyarətinə və dəyərli tövsiyələrinə görə cənab Burhan Özdemirə təşəkkürümüzü bildiririk.