23 sentyabr 2026-cı il tarixində İstanbul Fuar Mərkəzində MÜSİAD EXPO 2026 beynəlxalq ticarət sərgisi başlayıb. MÜSİAD Azərbaycan sərgidə vahid stend ilə iştirak edərək üzv şirkətlərini beynəlxalq biznes nümayəndələrinə təqdim edir.
“Küresel Ticaret Burada” devizi ilə keçirilən sərgi müxtəlif sektorları təmsil edən yerli və xarici şirkətləri, investorları və iş nümayəndə heyətlərini bir araya gətirərək yeni əməkdaşlıq və ticarət imkanları yaradır.
MÜSİAD Azərbaycan vahid stendi altında VİDAL Özəl Sənaye Məhəlləsi, SEED7 Azel-İş Group, Orizon Labs və VİOLA şirkətləri iştirak edir.
VİDAL Özəl Sənaye Məhəlləsi sahibkarlara istehsal fəaliyyətinin təşkili üçün müasir sənaye infrastrukturu və əlverişli biznes imkanları təqdim edir.
SEED7 biznes turizmi, biznes görüşlərinin təşkili, maliyyə, uçot və hüquq konsaltinqi, bazar araşdırmaları, reklam və maliyyə xidmətləri, investisiya və layihələrin idarə edilməsi sahələrində fəaliyyət göstərir.
Azel-İş Group mühasibat, vergi uçotu, konsaltinq, insan resurslarının idarə edilməsi, gömrük və miqrasiya xidmətləri sahəsində fəaliyyət göstərir.
Orizon Labs müasir istehsal imkanları və yüksək keyfiyyət standartları əsasında əczaçılıq məhsullarının istehsalını həyata keçirir.
VİOLA isə premium tekstil məhsulları sahəsində fəaliyyət göstərərək öz məhsullarını sərgi iştirakçılarına təqdim edir.
MÜSİAD EXPO 2026 beynəlxalq ticarət əlaqələrinin inkişafı və sahibkarlar arasında yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm platformadır. Sərgi 26 sentyabr tarixində başa çatacaq.
MÜSİAD Azərbaycan olaraq sərgidə iştirak edən bütün üzvlərimizə təşəkkürümüzü bildirir, bütün sahibkarları və iş dünyasının nümayəndələrini stendimizi ziyarət etməyə dəvət edirik.











