MÜSİAD Azərbaycanın 5-ci Ümumi Yığıncağının bağlanış tədbiri keçirilib

Tədbirdə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türkiyənin ticarət naziri Ömer Bolat, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, həmçinin hər iki ölkənin dövlət qurumlarının rəhbər şəxsləri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri və iş adamları iştirak ediblər.

İlk söz MÜSİAD Azərbaycanın sabiq sədri Rəşad Cabirliyə verilib. O bildirib ki, keçirilən tədbir yalnız ümumi yığıncaq xarakteri daşımır, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında ticarət və sahibkarlıq sahəsində mövcud qardaşlıq münasibətlərinin aydın göstəricisidir. Rəşad Cabirli qeyd edib ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında əməkdaşlığı strateji səviyyəyə yüksəldib və sənəddə müəyyən edilmiş hədəflər istiqamətində ardıcıl fəaliyyət davam etdirilir. Onun sözlərinə görə, ötən dörd il ərzində MÜSİAD Azərbaycanın fəaliyyətinin ölkədə məşğulluğun dəstəklənməsi və iqtisadi fəallığın artırılması istiqamətində qurulub, bu dövrdə investisiya yönümlü təşəbbüslər ardıcıl şəkildə həyata keçirilib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin yeni sədri Fuat Kayhan bildirib ki, növbəti iki il ərzində müvafiq dövlət qurumları və MÜSİAD-ın Baş Qərargahı ilə əməkdaşlıq çərçivəsində sənaye və istehsal sahələrini əhatə edən 12 iri layihənin icrası nəzərdə tutulur. O qeyd edib ki, bu istiqamətdə MÜSİAD Azərbaycan daxilində sənaye və investisiya komissiyası yaradılacaq və həyata keçiriləcək layihələr vasitəsilə qlobal rəqabətə davamlı sənaye infrastrukturunun formalaşdırılması məqsəd qoyulub.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bildirib ki, İqtisadiyyat Nazirliyi MÜSİAD-ın Azərbaycandakı fəaliyyətini, eləcə də planlaşdırılan istehsal layihələri ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, bu istiqamətdə KOBİA, Azərbaycan İnvestisiya Şirkəti və digər müvafiq qurumlarla əməkdaşlıq davam etdiriləcək. Səməd Bəşirli qeyd edib ki, investorlar üçün güzəştli kreditlər, sənaye parklarında infrastruktur dəstəyi, eləcə də ixrac və təşviq mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

KOBİA-nın rəhbəri Orxan Məmmədov MÜSİAD Azərbaycanla əməkdaşlığın yeni mərhələyə keçdiyini vurğulayaraq, tərəflər arasında Anlaşma Memorandumunun imzalanmasının uzunmüddətli və səmərəli tərəfdaşlığa töhfə verəcəyini qeyd edib.

Türkiyənin Ticarət Naziri Ömer Bolat bildirib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə sıx əməkdaşlıq edən, ortaq güc formalaşdıran iki qardaş ölkədir və bu əməkdaşlığın iqtisadiyyat, ticarət və enerji sahələrində daha da dərinləşdirilməsi nəzərdə tutulur.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz isə çıxışında Azərbaycanın əlverişli investisiya mühitini yüksək qiymətləndirərək, tədbirin təşkilində əməyi olan bütün tərəflərə təşəkkür edib.

Tədbirin sonunda KOBİA ilə MÜSİAD Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb.