MÜSİAD Azərbaycan
121

2024-07-11

Müstəqil Sənayeçi və İş adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) İdarə Heyətinin sədri Rəşad Cabirli və Qərbi Azərbaycan İcmasının (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüş zamanı Qərbi Azərbaycan İcmasında İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli icma barədə ətraflı məlumat verərək soydaşlarımızın geri qayıdışı istiqamətində aparılan işlərə toxunub.

Görüş zamanı Əziz Ələkbərli icmanın istər ölkə daxilində istərsə də beynəlxalq ictimaiyyət səviyyəsində, öz torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı uğrunda apardığı intensiv işini davam etdiyini bildirib.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli görüş iştirakçılarına qurum haqqında ətraflı məlumat verərək MÜSİAD Azərbaycanın gördüyü işlərdən danışıb.
“1990-cı ildə İstanbulda qurulan, Türkiyədə 84, 81 fərqli ölkədə isə ümumilikdə 169 məntəqə ilə xidmət edən dərnək Qərbi Azərbaycanlıların haqq işinə dəstək verməyə hazırdır və bununla bağlı müzakirələrin davam etdirilməsi üçün addımlar atılacaq”-deyə Cabirli bildirib.

QAİ Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov bildirdi ki, Azərbaycandakı yerli icmaların Qərbi Azərbaycan İcması ətrafında sıx birləşməsi ilə yanaşı diasporumuzun da bu birlikdə yaxından iştirak etməsi böyük önəm daşıyır. Bu baxımdan bu günkü görüş sözügedən istiqamətdə atılan daha bir addım ola bilər.
Görüşdə iştirak edən QAİ İdarə heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək Türkiyənin Qars şəhərinə olan səfərini xatırlamaqla qardaş Türkiyənin həmin bölgələrində də çoxsaylı Qərbi azərbaycanlıların olduğunu, MÜSİAD tərkibində olan iş adamları kimi onların da iş adamlarının bu prosesdə yaxından iştirak etmək üçün fəaliyyət göstərdiklərini vurğulayıb.

QAİ Gənclər Şurasının üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva təmsil etdiyi şuranın üzvlərinin də sözügedən əməkdaşlıqla bağlı verə biləcəyi töhfələrdən bəhs edib.
Hər iki tərəfdən çıxış edən digər iştirakçılar da QAİ və MÜSİAD Azərbaycan arasında bundan sonra əməkdaşlığın daha sıx formada həyata keçirilməsinin konturlarını müzakirə ediblər, işçi qrupunun yaradılması gələcək, əməkdaşlıq imkanlarının təhlilinə və təkliflərin hazırlanmasına dair razılıq əldə olunub.

Mənbə:MÜSİAD Azərbaycan Qərbi Azərbaycan İcması ilə görüş keçirib